Ukraynanın xarici işlər nazirliyi 24 avqustdan 12 sentyabra kimi Mariupol və ətraf rayonlardan 200 nəfərə yaxın yunanın evakuasiya olunması ilə bağlı qərar qəbul edib. Bu barədə baki-xeber.com utro.ru saytına istinadən xəbər verir. "Əksəriyyətini qoca və uşaqların təşkil etdiyi 191 yunan mənşəli ukraynalı Kiyevə avtobusla aparılacaq. Buradan isə onlar təyyarə ilə Rodos adasına çatdırılacaq”- deyə ukraynada müvafiq qurumdan bildirilib. Bundan sonra yunanlar yerli oteldə yerləşdiriləcək. Evakuasiya proqramı Ukrayna XİN-in təşəbbüsü ilə xaricdəki yunanların işi üzrə baş katibliyin dəstəyilə həyata keçirilir.
Azovətrafı bölgələrdə məskunlaşmış yunanlar say baxımından Donetsk vilayətinin üçüncü etnik qrupu sayılır. Xatırladaq ki, Donbasda son zamanlar vəziyyət xeyli dərəcədə gərginləşib. Bunun nəticəsində də Mariupol hadisələrin episentrində qalmaqda davam edir. Bu ilin fevral ayında atəşkəs barədə razılığın əldə olunmasına baxmayaraq, Ukrayna ordusu ilə Donetsk və Luqansk qüvvələri arasında atışma davam edir.