Tacikistanın internet provayderləri növbəti dəfə sosial şəbəkələrə və You Tube videohostinqinə girişə məhdudiyyət tətbiq edib. Bu barədə baki-xeber.com RİA”Novosti”yə istinadən xəbər verir. Agentliyin xəbərinə görə, bu barədə bazar ertəsinə keçən gecə provayderlərə ölkə rəhbərliyindən şifahi göstəriş gəlib. Bu gün səhər isə Tacikistanın internet xidməti göstərən kompaniyalarına bununla bağlı məktub göndərilib. İnternet-provayderlər Assosasiyasının başçısı Asomiddin Atoyev bildirib ki, ölkənin bütün internet-provayderləri və mobil operatorlar saytlara girişi məhdudlaşdırıb.
Qeyd edək ki, sözügedən qərar Tacikistan rəhbərliyi tərəfindən ilk dəfə deyil tətbiq olunur. Belə ki, bu ilin 28 may tarixində də sosial şəbəkələrə girişə məhdudiyyət qoyulmuşdu. Səbəb kimi isə tacik OMON-unun komandiri, sonradan İŞİD sıralarına qoşulmuş Gülmurod Halimovun sosial şəbəkələr üzərindən gənclərə çağırış edə biləcəyi göstərilmişdi.