Türkiyə XİN naziri Mövlud Çavuşoğlu Ankara ilə Vaşinqton arasında "İslam dövləti” terrorçu qruplaşmasına qarşı hazırlanan genişmiqyaslı hava hücumu ilə bağlı planın texniki tərəflərinin müzakirəsinin başa çatdığını bildirib. Bu barədə baki-xeber.com "Röyter”ə istinadən xəbər verir.
Onun sözlərinə görə, plan hava hücumunda region ölkələri olan Səudiyyə Ərəbistanı, Qətər, İordaniya, eyni zamanda, Fransa və Britaniya da daxil olmaqla bir sıra Avropa ölkələrinin iştirakını da nəzərdə tutur. Əməliyyatin əsas məqsədi İŞİD-i Suriya-Türkiyə sərhədindən qovub şıxarmaqdır ki, bu da 80 kilometrlik ərazini əhatə edir. Türkiyə XİN nazirinin fikrincə, bu, nəhayət Bəşər Əsədi Suriya böhranını çözmək üçün danışıqlar masasına gətirəcək.
"İslam dövləti” terrorçu qruplaşması bu gün dünyanın təhlükəsizliyi üçün bir nömrəli hədə kimi qiymətləndirilir. Ortaya çıxdığı 3 il ərzində bu qruplaşma İraq və Suriya ərazisinin əhəmiyyətli hissəsini nəzarətə götürə bilib. Bundan əlavə, qruplaşma öz nüfuzunu Şimali Afrikada, xüsusilə Liviyada artırmağı hədəfləyir. Müxtəlif qiymətləndirmələrə görə, onların "xəlifətinin” ərazisi hazırda 90 min kvadrat kilometr təşkil edir.