Ukrayna "Qazprom”a Avropaya ötürülən qazın tranziti üçün avans xahişilə müraciət edib. Bu barədə baki-xeber.com "Kommersant”a istinadən xəbər verir. Söhbət "Naftoqaz”la "Qazprom” başçıları Andrey Kobolevlə Aleksey Miller arasında Yanukoviçin prezidentliyi dönəmində tətbiq olunan sxemin yenilənməsilə bağlı avqustun 21-də Minskdə baş tutan danışıqlardan gedir. Kiyevin bu addımı anbarlara qaz vurulması üçün Avropada gərəkən vəsaiti tapmaması ilə izah olunur. Bu vəsait isə 750 milyon təşkil edir və 4 ayın tranzit haqqı ekvivalentində qiymətləndirilir.
Hər iki kompaniya durumu şərh etməkdən boyun qaçırıb.
Xatırladaq ki, "Qazprom” Ukraynaya qaz nəqlini tərəflərin qiymətdə anlaşa bilməməsi üzündən cari ilin 1 iyul tarixindən dayandırıb.