"İslam dövləti” terrorçu qruplaşmasının üzvləri antik Palmira xarabalıqlarındakı abidə qalıqlarından birini yerlə yeksan edib. Bu barədə baki-xeber.com AR agentliyinə istinadən xəbər verir. Agentliyin yaydığı xəbərdə "Terrorçular Baalşamin abidəsini partladıblar”- deyə bildirilir. Lakin agentlik onu da qeyd edir ki, xəbər ziddiyyətlidir. Belə ki, Suriyanın insan hüquqları üzrə monitorinq mərkəzi bəyan edib ki, sözügedən abidə bir ay öncə məhv edilib, türkiyəli fəallar isə onun bazar günü partladıldığını yazır.
Xatırladaq ki, antik şəhərin İŞİD-in əlinə keçəcəyini görən yetkililər buranın tarixinə aid dəyərli əşyaları, terrorçuların əlinə keçməsin deyə, ərazidə gizlətmiş, terrorçular isə bunu öyrənəndən sonra Palmiranın nəzarətçisi Xalid Əsədi əsir almışdılar. Lakin bütün işgəncələrə rəğmən qiymətli əşyaların terrorçuların əlinə keçməsinə əngəl olan arxeoloq-alim onlar tərəfindən bu günlərdə başı kəsilərək qətlə yetirildi. Bundan sonra terrorçuların "xəzinə ovu” nədənilə antik şəhəri məhv edəcəyilə bağlı narahatlıqlar daha da artıb.