Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı hədəfə alan təhdid videosunda türkcə danışaraq hədələr yağdıran İŞİD əmiri Abu Ammar kod adlı Fatih Acıpayamın qruplaşmaya qatılmadan öncə illərlə məscidlərin önündə səyyar araba ilə şirniyyat satdığı ortaya çıxıb. Bu barədə bak-xeber.com "Haberturk”ə istinadən məlumat verir. Əslən Maraşdan olan terrorçunun 10 il öncə Bursaya İspartadan köçdüyü, 2014-ğü ildə isə Bursadan ayrılaraq ailəsilə birlikdə Kilisdən Suriyaya köçüb İŞİD-ə qoşulduğu bəlli olub. Türkiyədəki yaxınlarından biri onun barəsində bunları deyib:”İspartada namaz-filan bilməzdi. Nə oldusa burda oldu. Biz Cübbəli Ahmed Hocanın söhbətlərini dinləməyə gedərdik. O isə içəriyə belə girməz, qapıda durub şirniyyat satardı. 2014-ə qədər şirniyyat dükanı vardı. Onu satıb qəfil Suriyaya getdi . Gedəcəyini söyləməmişdi. Yəqin əngəl olacağımızı düşünüb. Getdiyi gün təsadüfən ona zəng etdim, "Haqqını halal et, biz sərhədi keçdik”- deyib telefonu qapatdı. Üç ay sonra qaynanası rəhmətə getdi. Xəbər vermək üçün aradım. Bu dəfə də "Allahdan gəldik, Allaha gedəcəyik”- deyərək telefonu üzümə qapatdı. Əl Ənsar Universitetini bitirən bir vətəndaş yoldan çıxardı onu. Məsciddən ayağını kəsdi. "Bu imamların arxasında namaz qılınmaz” deyirdi. Eşitdiyimə görə dostlarına "Hər kəs şəhid oldu, bir mən qaldım”- deyib”.