Dünən axşam saatlarında Mardinin Yalım məhəlləsində olay yaşanıb. Baki-xeber.com bu barədə Türkiyənin "Radikal” qəzetinə istinadən bildirir. Olay barədə Mardin Valiliyiin açıqlamasında bildirilir ki, bir qrup əli zopalı, üzü maskalı şəxs havaya fişənglər atmaqla, Valiliyin binasına partlayıcı tullamaqla və zirehli avtomobillərə hücum etməklə qarışıqlıq yaratmağa cəhd göstərib. Qrupun dağıdılmasının ardından güclü partlayış baş verib. Lakin təkrar hadisə yerinə qayıdan mühafizə gücləri heç bir tapıntı əldə etməyib. Bundan bir qədər sonra yaxınları tərəfindən Mardin Dövlət Xəstəxanasına çatdırılan Əli Akpınar adlı şəxs, həkimlərin səyinə rəğmən, dünyasını dəyişib. Diyarbəkir Ədliyyə Tibb Qurumunda meyitin tədqiqi onun bədənində çoxsaylı qəlpələrin olduğunu, bu qəlpələrin öldürücü təsiri nəticəsində şəxsin həyatını itirdiyini açıqlayıb.