Bu gecə İsrail Suriyadan atılan raket atəşlərinə aviazərbələr endirməklə qarşılıq verib. Belə ki, İsrailin hərbi hava qüvvələri Suriyanın Qolan yüksəkliklərini bombalayıb. Bu barədə baki-xeber.com "Reuters”ə istinadən xəbər verir. Aviazərbələr nəticəsində xəsarət alanların olmadığı bildirilir. Suriya ordusundakı mənbənin sözlərinə görə, hücumun əsas obyekti nəqliyyat mərkəzi və Kuneytra yaşayış məntəqəsi yaxınlığında ictimai bina olub ki, hər ikisinə ciddi ziya dəyib.
Öncədən xəbər verildiyi kimi, bundan əvvəl İsrailin Livanla sərhədləri yaxınlığına 4 raket atılmışdı. İsrail hərbiyyəsi onların Suriya istiqamətindən atıldığını təsbit etmişdi. Bundan sonra İsrail Suriya hökumətini bu insidentin cavabsız qalmayacağı ilə hədələdi.
Ekspertlərin fikrincə, beləliklə İsrail Suriya konfliktinə cəlb oluna bilər. Çünki sərhədləri yaxınlığında təhlükənin artması və bu bölgələrdə yaşayan dini azlığın – druzların terrorçuların hücumlarına məruz qalması rəsmı Təl-Əvivi seçim qarşısında qoyur: İsrail ya Suriya konfliktindən kənarda durub druzların təhdid altında qalmasına göz yummalı, ya da onlara hərbi dəstək verməklə özü islamçıların hədəfinə çevrilməlidir.