Ukraynanın MDB çərçivəsində cinayətkarların axtarış sistemindən çıxması Azərbaycana bu sahədə Ukrayna ilə əməkdaşlığında hər hansı problem yaratmayacaq. Bu barədə Trend-in sorğusuna cavab olaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Beynəlxalq Əməkdaşlıq İdarəsindən bildiriblər.
Bilidirilib ki, Azərbaycan Ukrayna ilə cinayətkarların axtarışı sahəsində İnterpol, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, GUAM və ikitərəfli sazişlər əsasında birbaşa əməkdaşlıq edir: "Ukraynanın MDB çərçivəsindəki cinayətkarların axtarış sistemindən çıxması onlarla bu sahədə əlaqələrimizin tamamilə yox olması demək deyil. Mövcud sazişlər Azərbaycanla Ukrayna arasında cinayətkarların qarşılıqlı şəkildə axtarışına tam şərait yaradır”.
Qeyd edək ki, bu gün Ukraynanın baş naziri Arseniy Yatsenyuk vətəndaşların biometrik məlumatlarına yeni nəzarət sisteminin təqdimatı zamanı deyib ki, Ukrayna avqustun 24-dən MDB çərçivəsində cinayətkarların axtarış sistemindən çıxacaq və İnterpolun məlumat bazası ilə sinxronlaşdırılmış birbaşa kanalların istifadəsinə keçəcək.