Amerikanın "Stratfor” kəşfiyyat-anaitika mərkəzinin ekspertləri Ukrayna konflikti nəticəsində getdikcə kəskinləşən Qərb – Rusiya qarşıdurmasının yeni məkanının Qafqaz ola biləcəyini düşünür. Qeyd olunur ki, sözügedən qarşıdurma Ukraynadan Qafqaza - Gürcüstan, Ermənistan və Azərbaycana daşına bilər.
Araşdırma müəllifləri yazır ki, 2008-ci ildə Gürcüstan hadisələrindən sonra Rusiya Ermənistanda hərbi gücünü artırıb. Ermənistanda, Abxaziyada və Cənubi Osetiyada hərbi mövcudluğu, eyni zamanda Azərbaycanla təhlükəsizlik sahəsində əməkdaşlığı isə bu ölkənin regionda dominant mövqe tutmasını təmin edib. "Bununla belə, Qərb Rusiyanın postsovet məkanında nüfuzunu genişləndirməsinə göz yummaq niyyətində deyil. Ukraynada üsyan zamanı ABŞ və Avropa İttifaqı Kiyevdə Rusiyayönümlü hökumətin devrilməsini alqışladı və bu ölkənin üzünü Qərbə çevirməsini dəstəklədi. Qərb ölkələri də aydın şəkildə işarə vurdu ki, onların dəstəyi Ukrayna ilə məhdudlaşmayacaq. Bundan sonra Qərb Mərkəzi və Şərqi Avropada hərbi bazalar tikməyə başladı, eyni zamanda postsovet məkanının digər ölkələri ilə əməkdaşlığı genişləndirdi”- fikirlərinin yer aldığı mətndə analitiklər konflikt ocağinin Ukraynadan Qafqaza daşınmasını mümkün sayır. Bu il Gürcüstanda NATO-nun hərbi təlim mərkəzinin açılışı da deyilənlərin sübutu kimi qiymətləndirilir. Bundan əlavə, ekspertlər Ukrayna böhranının ardından Azərbaycanla Ermənistan arasında 20 ildir nisbətən sakit keçən münaqişə şəraitinin son zamanlar kəskinləşməsini, atəşkəs rejiminin daha intensiv pozulmasını bu amillə bağlayır.