MAQATE ilə İranın məxfi razılaşma mətni ortaya çıxıb. Bu barədə baki-xeber.com Associated Press agentliyinə istinadən xəbər verir. Agentlik əldə etdiyi həmin sənədə əsasən bildirir ki, MAQATE nüvə obyektlərində Tehranın özünün təftiş aparmasına icazə verə bilər. Razılaşmaya əsasən, İran tərəfi MAQATE-yə foto və video materiallar, həmçinin İran ekspertlərinin nüvə obyektlərindən götürdüyü örnəkləri təqdim etməlidir. Agentlik onu da bildirir ki, MAQATE-nin vəzifələri sırasına İranın Parçin əyalətində nüvə obyektlərini təftiş edən iranlı personalı müşahidə etmək də daxildir.
14 iyulda Vyanada MAQATE ilə İran arasında, həmçinin, bu günə kimi açıq qalan və hazırda yaranmış bir sira məsələlərin həlli üçün "yol xəritəsi” də təsdiqlənib. Sənəd "altılıq” ölkələri ilə İran arasında əldə olunan kompleks razılaşmanın bir hissəsini təşkil edir.
"Yol xəritəsi" cari ilin sonuna kimi İranın nüvə proqramı çərçivəsində uranın zənginləşdirilmə səviyyəsilə bağlı açıq qalan bir sıra suallara aydınlıq gətirməlidir. Bu suallar sırasında ən önəmlisi isə İranın MAQATE-nin Parçindəki hərbi obyektə buraxılmasına dair maddənin tələblərinə əməl etməsidir. Agentliyin beynəlxalq ekspertləri həmin obyektdə ötən illərdə atom silahının hazırlanması ilə bağlı işlərin getdiyindən şübhəlidir. İran tərəfi bunu qətiyyətlə inkar etsə də, indiyə kimi MAQATE müfəttişlərini Parçinə buraxmaqdan imtina edib.