Yaponiyada "Fukusima-1” Atom Elektrik Stansiyasında baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması əməliyyatında daha bir fəhlə həlak olub. Baki-xeber.com-un xəbərinə görə, 52 yaşlı fəhlənin ölümünə səbəb qrunt sularının vakuumla kənara vurulması zamanı başının sisternin lyuku arasında qalması olub. Fəhlə təcili xəstxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Yerli mətbuatın yazdığına görə, bu, qəza nəticələrinin aradan qaldırılması əməliyyatı zamanı yaşanan sayca dördüncü ölüm hadisəsidir. Bundan əvvəlki analoji hadisə isə elə bu günlərdə - avqustun 4-də baş verib. Bu ölümhadisəsinə radiasiyanın səbəb olub-olmadığı bəlli deyil. Digər iki ölüm hadisəsi isə ilin əvvəlində yaşanıb. Belə ki, yanvarın 20-də su doldurulmuş sisternə düşməsi nəticəsində bir fəhlə həyatını itirib. Elə həmin gün evakuasiya sahəsinə daxil olan "Fukusima-2” AES-də daha bir fəhlə bilinməyən səbəbdən dünyasını dəyişib. Qəzanın aradan qaldırılması işlərini həyata keçirən TERSO şirkəti radiasiya versiyasını qəti şəkildə istisna edir.
Xatırladaq ki, "Fukusima-1” 2011-ci ildə baş verən güclü zəlzələ və bunun sonucu olaraq Yaponiya sahillərində əmələ gələn sunami nəticəsində ciddi dağıntılara məruz qalmışdı.