Misir prezidenti Abdel Fattah əl-Sisi gəmilərin hərəkəti üçün yeni Süveyş kanalının açılması barədə Fərman imzalayıb. Bu barədə Reuters-ə istinadən baki-xeber.com xəbər verir. Bu gün kanaldan ilk gəminin keçməsi gerçəkləşib. Açılış mərasimində Rusiya baş naziri Dmitri Medvedev, Fransa prezidenti Fransua Olland, İordaniya kralı II Abdulla, həmçinin bir sıra Afrika və ərəb ölkələrinin dövlət və hökumət başçıları iştirak edib. 6 avqust tarixi ölkədə qeyri-iş günü elan olunub.
İkinci Süveyş kanalının tikintisi üzrə işlərin aparılması üçün Misir hökuməti beynəlxalq şirkətlərlə 2014-cü ilin oktyabrında müqavilə bağlayıb. Prezident Abdel Fattah əl-Sisinin bu addımı son illər bölgədə qeyri-stabil vəziyyət üzündən ağır duruma düşmüş ölkə iqtisadiyyatının dirçəldilməsini hədəfləyir. Yeni kanalın tikintisində Niderland, Belçika və ABŞ şirkətləri iştirak edib. Dəyəri 8 milyard dollar olan kanal 145 il əvvəl çəkilən köhnə kanala paralel olaraq tikilib.
Süveyş kanalı Hind okeanı ilə Aralıq dənizi arasında ən qısa dəniz yoludur.