Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin Türkiyənin Qars vilayətinin Sarıkamış qəsəbəsi əraizindən keçən hissəsində partlayış baş verib. Baki-xeber.com xəbər verir ki, partlayış meşə sahəsində baş verib. Vilayətin valisi Günay Özdemir bildirib ki, bölgəyə qaz verilişi dayandırılıb və yanğının meşəyə keçməsinin qarşısı alınıb.
Şahidlərin sözlərinə görə, partlayışdan sonra borudan çıxan qaz səsi 20 km məsafədə olan Sarıkamış qəsəbəsindən eşidilib.
Bildirilib ki, partlayışdan sonra boru kəmərində qazın nəqli dayandırılıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.
ARDNŞ-in ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev bildirib ki, boru xəttinin Türkiyədən keçən hissəsində baş verən partlayışın səbəbləri araşdırılır. Onun sözlərinə görə, baş vermiş partlayış Azərbaycan tərəfinə zərər vurmayıb. "Qaz kəmərinin partlayışın baş verdiyi hissəsinin mühafizə işini Türkiyə tərəfi, Botaş şirkəti həyata keçirir. Botaş şirkəti ilə daimi əlaqələrimiz var. Qeyd edim ki, xoşbəxtlikdən qrafikə uyğun olaraq cari təmir işləri ilə əlaqədar dünən axşamdan, yəni partlayış baş verməmişdən 8-9 saat əvvəldən Bakı-Tiflis-Ərzurum qaz kəmərinin Türkiyəyə qədər olan hissəsinə qaz verilməyib. Buna görə də Azərbaycan tərəfinə ziyan dəyməyib. Hazırda partlayışın səbəbləri araşdırılır. Bununla bağlı əlavə məlumat olanda bu barədə ətraflı məlumat veriləcək”, - deyə N.Quliyev vurğulayıb.
Qars valisi Günay Özdəmir hadisə ilə bağlı araşdırmaların davam etdiyini bildirib. Qars valisinin ofisindən bildirilib ki, qaz kəmərində partlayışın baş vermə səbəbi kimi terror aktı istisna edilmir. Sonradan ofisdən partlayışın qaz sızması nəticəsində baş verdiyi və terror aktı olmadığı deyilib.
Ancaq Türkiyənin Enerji və Təbii Ehtiyatlar naziri Taner Yıldız bəyan edib ki, Bakı-Tiflis-Ərzurum təbii qaz kəmərində partlayış PKK-nın hücumu nəticəsində baş verib: "Terror təşkilatı xalqımızın dinc və rifah halına qəsd etdiyini bir daha göstərdi. Bu gecə saat 01:15-də Bakı-Tiflis-Ərzurum (Şahdəniz) təbii qaz boru xəttinin Sarıkamış Yağbasan kəndindəki hissəsinə terror təşkilatının etdiyi hücum qaz nəqlinin dayanmasına səbəb olub. Bunlar əllərindən gəlsə, təkcə Çuxurcada yaşayan qardaşlarımızı deyil, Nişantaşındakı vətəndaşlarımızı da elektriksiz və təbii qazsız qoymaq fikrindədirlər”.