2015-ci ilin birinci yarısı ərzində həyata keçirilmiş əməliyyat-axtarış və profilaktiki tədbirlər nəticəsində 78 insan alveri, 9 insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlər, 5 məcburi əmək üzrə cinayət faktları qeydə alınıb. Trend-in məlumatına görə, bu barədə 2015-ci ilin birinci yarısında Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi tərəfindən görülmüş işlər barədə hesabatda bildirilib.
Məlumatda qeyd olunur ki, insan alveri cinayəti törətdiklərinə görə 17 şəxs (15 qadın, 2 kişi) cinayət məsuliyyətinə cəlb edilib və 48 insan alveri qurbanı (5-i əcnəbi şəxs) müəyyən edilib, axtarışda olan 4 insan alverçisi tutularaq istintaq və məhkəmə orqanlarına təqdim edilib, 14 insan alverçisinin İnterpol kanalları ilə beynəlxalq axtarışı davam etdirilir.
Hesabat dövründə qurbanların və ehtimal olunan qurbanların təhlükəsiz sığınacaqda yerləşdirilməsi və onların təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görülüb. Qurbanların 47-si qadın, 1-i kişi olmaqla 1-i əmək, 47-si isə cinsi istismara məruz qalıb. Onlardan 5 nəfər əcnəbi şəxs (hamısı özbək əsilli), 43-ü Azərbaycan Respublikası vətəndaşlarıdır. Qurbanlardan 33-ü Türkiyə Respublikasında, 6-sı Azərbaycan Respublikasında, 6-sı Birləşmiş Ərəb Əmirliklərində, 3-ü Rusiya Federasiyasında istismar olunub, 18-i Bakı, 30-u isə respublikasının digər şəhər və rayon sakinləridir.
Qurbanlardan 10-u erkən nikaha daxil olub, 28-nin məişət zorakılığına məruz qalmış şəxslər olması müəyyən edilib.
Müəyyən olunmuş insan alveri qurbanlarından hər birinə Nazirlər Kabinetinin müvafiq qərarına əsasən 400 manat məbləğində birdəfəlik müavinət ödənilib, 42 insan alveri qurbanının müvəqqəti yaşaması üçün DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə bilavasitə tabe olan İnsan alveri qurbanları üçün Sığınacağa yerləşdirilib, hamısına tibbi, psixoloji, hüquqi və digər sosial yardımlar göstərilib. 25 insan alveri qurbanının ailəsi ilə söhbətlər aparılıb, onların ailələrinə qayıdışı təmin edilib.
Qurbanların uşaqları da diqqətdə saxlanılıb, 13 uşaq məktəbəqədər təhsil proqramına cəlb edilib, 5 uşağa doğum haqqında şəhadətnamələrinin alınmasında köməklik göstərilib, qurbanların 2 yetkinlik yaşına çatmış övladı peşə kurslarına cəlb edilib.
Əlavə sosial xidmətlər üçün 21 nəfər qeyri-hökumət təşkilatlarına, 43 nəfər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İnsan alveri qurbanlarına Yardım Mərkəzinə istiqamətləndirilib.