Ədliyyə Nazirliyi Penitensiar xidməti hazırda həbsdə olan Respublikaçı Alternativ Hərəkatının (REAL) sədri İlqar Məmmədova qarşı cəzaçəkmə müəssisəsində fiziki təzyiqlərin olması ilə bağlı REAL-ın yaydığı bəyanata münasibət bildirib.
Xidmətdən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Cinayət Məcəlləsinin 220,1 və 315,2-ci maddələri ilə təqsirli bilinərək, 7 il müddətinə azadlıqdan məhrum edilmiş, 2 saylı cəzaçəkmə müəssisəsində cəzasını çəkən məhkum Məmmədov İlqar Eldar oğlunun fiziki hücuma məruz qalaraq xəsarət alması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.
"Məhkum İlqar Məmmədov cəzasını insan şəxsiyyətinə hörməti tam təmin edən şəraitdə çəkir", - məlumatda deyilir.