Çeçenistandan olan üç qız sosial şəbəkədə saxta akkaunt yaradaraq İŞİD-in pullarını ələ keçirib. Baki-xeber.com-un Rusiya KİV-inə istinadən xəbərinə görə, qızlar sosial şəbəkədə terrorçu qruplaşmanın agentləri ilə ünsiyyət yaradaraq özlərini bu qruplaşmanın tərəfdarı kimi təqdim etməklə onların etibarını qazana bilib. Suriyaya gələrək onlara qoşulmağa hazır olduqlarını deyən qızlar, sadəcə, bundan ötrü pullarının olmadığını bildiriblər. Terrorçuları inandırmaqdan ötrü hətta akkaunta şəkil də yerləşdirən qızlar məqsədinə nail olub. Belə ki, İŞİD-çilər çox keçmədən onlara online qaydada pul göndərib. Bundan sonra sosial şəbəkədə həmin akkauntlar qəfil yoxa çıxıb...
Xüsusi xidmət orqanlarının məlumatına görə, İŞİD-in sıralarına bu günə kimi, Rusiya da daxil olmaqla, 70 ölkədən gənclər qoşulub. Bunlardan ən böyük rezonans doğuranı isə tələbə Varvara Karaulova olub. 28 may tarixində İstanbula gedən tələbə qız 4 iyun tarixində Türkiyə-Suriya sərhədini qanunsuz keçərkən yaxalanıb.
RF ərazisində fəaliyyəti qanunla qadağan olunan "İslam Dövləti"nin Dağıstan, Çeçenistan, İnquşetiya, Kabardin-Balkar və Qaraçay-Çərkəz əhalisi arasındakı tərəfdarlarından formalaşdırılan "İmarat Kavkaz" qruplaşması İŞİD-ə sədaqət andı içib.