Rusiyadakı Azərbaycan diasporunun rəhbərlərinə qarşı bu ölkədə aqressiv davranışlar davam edir. Son dövrlər diaspor sədrlərinə qarşı çox xoşagəlməz hərəkətlərin şahidi oluruq. Yekaterinburq diasporunun rəhbəri Şahin Şıxlınskidən tutmuş Moskva vilayəti Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin rəhbəri olmuş Elşad İbrahimova və başqalarına qarşı Rusiyanın tutduğu mövqe qəbuledilməzdir. Moskva vilayəti Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin rəhbəri olmuş Elşad İbrahimovu, guya “Rusiya Federasiyasının milli təhlükəsizliyinə təhdid yaradan hərəkətlər etməsi” ittihamı ilə vətəndaşlıqdan məhrum edərək, Rusiyadan çıxarılmasından sonra indi də Moskva Azərbaycanlılarının Milli Mədəni Muxtar Assosiasiyasının (“Azərbaycanlıların Milli-Mədəni Muxtariyyəti” Şurasının) sədri Bəxtiyar Həsənov Rusiya vətəndaşlığından məhrum edilib. Onun 2000-ci illərdə Rusiya vətəndaşlığını aldığı bildirilir. B.Həsənova qarşı bu addımın atılmasının səbəbi kimi “qeyri-qanuni miqrasiya və saxta malların ört-basdır edilməsi də daxil olmaqla, kölgəli sxemlərlə uzun müddətli əlaqələri” göstərilir.
Məlumata görə, B.Həsənov 2022-ci ildə Moskva Azərbaycanlılarının Milli Mədəni Muxtar Assosiasiyasının sədri seçilib. 1 iyul 2022-ci il tarixində Rusiya Federasiyası Ədliyyə Nazirliyi hesabat-seçki konfransının nəticələrini tanıyıb və təşkilatı rəsmi qeydiyyata alıb.
Mətbuatın yazdığına görə, B.Həsənov özü isə bu cür xəbərləri yalan adlandırıb. O iddia edib ki, həqiqətən də araşdırma aparılır, lakin onun vətəndaşlıqdan məhrum edilməsindən söhbət getmir. Bu barədə Azərbaycan mediası yazıb.
Yeri gəlmişkən, aktiv fəaliyyəti ilə seçilən, son illərdə isə qalmaqallar və qarşılıqlı ittihamlar ilə yadda qalan bir təşkilat da vardı - “AzerRos” - azərbaycanlıların milli-mədəni muxtariyyəti. Çox maraqlıdır ki, Moskva Azərbaycanlılarının milli-mədəni muxtariyyətı adlı təşkilatı Rusiya özü yaratmışdı, bu qurumlar Rusiya rəhbərliyinin xeyir-duası ilə fəaliyyət göstərirdilər. Rusiyanın öz himayəsi ilə yaranmış təşkilatların axırına da elə Rusiyanın özü çıxır.
Diaspor rəhbərlərinə qarşı bu addımların arxasında nə dayanır?
Əlbəttə, Rusiyanın bu davranışlarının məqsədi Azərbaycan diasporuna təzyiq göstərməkdir. Rusiya belə hesab edir ki, diaspora təzyiq göstərərsə nəyəsə nail ola bilər. Amma Rusiya heç nə əldə edə bilməyəcək, necə ki, bilmir də.
Qeyd edək ki, “Azərbaycanlıların Milli-Mədəni Muxtariyyəti” Şurasını da, “AzərRos”u da və başqa bu tipli təşkilatları da Rusiya dövlətinin yaratdığı deyilir.
1996-cı ildə Rusiya Dövlət Duması “Milli-mədəni muxtariyyət haqqında” Qanunu qəbul edib və 1996-cı ilin iyulun 16-da qanun qüvvəyə minib. 1998-ci ilin avqustunda Rusiya Azərbaycanlılarının Federal Milli Mədəni Muxtariyyəti qurulub və 1999-cu ilin 1 oktyabrında rəsmi qeydiyyat şəhadətnaməsi alıb. Əvvəlcə, Rusiya Azərbaycanlılarının Federal Milli Mədəni Muxtariyyətinə (“Azərros”) Rusiyanın hüquq elmləri doktoru və akademik Cahangir Kərimov, sonra isə Söyün Sadıqov rəhbərlik edib. Sonrakı dövrlərdə təşkilatla bağlı çox qalmalallar yaşandı və hazırda onun fəaliyyəti haqda hər hansı məlumat yoxdur.
Bəzən bu iki təşkilatın eyni olduğu deyilir. Adının çəkilməsini istəməyən məlumatlı şəxslərdən biri bizimlə söhbətində bildirdi ki, o vaxt Rusiyada iki təşkilat vardı. Biri Rusiya Azərbaycanlıları Konqresi, ikincisi isə “AzərRos” (Rusiya Azərbaycanlılarının Federal Milli Mədəni Muxtariyyəti) idi. Müsahibimiz bildirdi ki, bir vaxtlar bu təşkilatların hər ikisinin Rusiya xüsusi xidmət orqanları tərəfindən yaradıldığı haqqında məlumatlar dolaşırmış. Hətta “AzərRos”a rəhbərlik etmiş S.Sadıqovun “FSB” ilə əlaqələri, onun bu qurumun polkovniki olduğu haqda iddialar yayılırdı. Rusiyanın bu məsələlərə xüsusi yönəldici təsir göstərdiyini deyən müsahibimiz vurğuladı ki, Rusiya istəmirdi burada üç milyondan artıq azərbaycanlını, soydaşımızı təmsil edən vahid, güclü, sistemli bir təşkilat yaradılsın, qurulsun. Rusiya istəyirdi elə bir təşkilat olsun ki, onların əli ilə istəyinə nail olsun. Rusiya istəyinə nail olmadıqda isə bu cür əməllərə əl atır, disapor təşkilatlarının sədrlərini vətəndaşlıqdan çıxarır, onları deportasiya edir, bununla da Azərbaycana təzyiq göstərmək məqsədi güdür. Amma bütün hallarda bu dövlət öz məqsədlərinə nail olmayacaq.
Leyla QARAXANLI