Baş prokuror Kamran Əliyev Laçında keçirilən “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda beynəlxalq konfransda çıxış edib. Baş prokuror qeyd edib ki, Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbulu müstəqil və müasir Azərbaycanın memarı, Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Onun sözlərinə görə, Azərbaycan Konstitusiya layihəsini hazırlamaq üçün Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə 33 nəfərdən ibarət Konstitusiya Komissiyası yaradılıb: “Konstitusiya layihəsi ümumxalq müzakirəsindən sonra, 1995-ci il noyabrın 12-də keçirilən və seçicilərin 86 faizinin iştirak etdiyi 91,9 faiz səs çoxluğu ilə referendumda qəbul edilmiş və 1995-ci il noyabrın 27-də isə qüvvəyə minmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, Ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir".
Mətləb Salahov