Göygöl, Azərbaycan – 18 avqust 2025.
Azərbaycanın qədim ənənələrini yaşatmaq məqsədilə keçirilən IV Milli Yaylaq Festivalı üç gün ərzində zəngin proqramla reallaşdırılıb. Festivalın açılış mərasimində Dünya Etnosport Konfederasiyasının prezidenti Bilal Erdoğan, Azərbaycan Gənclər və İdman naziri Fərid Qayıbov və “Cavad Xan” Fondunun rəhbəri Müzadil Həsənov çıxış edərək tədbirin milli-mənəvi irsin qorunmasında mühüm rol oynadığını vurğulayıblar.
Festivalın I və III günlərində aparıcılıq edən Sərdar Şengül səhnəyə xüsusi rəng qataraq həm yerli, həm də xarici qonaqlara proqramı təqdim edib.
Festivalın qurucusu Müzadil Həsənov bölgə sakinləri tərəfindən böyük rəğbət qazanıb. Tədbirin baş rejissoru və təşkilatçısı Hafiz Quliyev, eləcə də Milli Yaylaq Festivalı təşkilat üzvü Ramil Vəliyev qonaqları ən yüksək səviyyədə qarşılayıblar. Türk Dünyasının bir çox ölkəsindən gələn iştirakçılar da festivalda səmimi şəkildə qəbul olunublar.
Festival müddətində qurulan etnoqəsəbədə aşıq sənəti, xalq oyunları, ata idman növləri və milli mətbəx nümunələri nümayiş etdirilib. Xüsusilə çövkən, at yarışları, kəndirbazlıq və xalq rəqsləri tamaşaçılar tərəfindən maraqla izlənilib.
Bu ilki proqramın zənginliyi festivalı həm yerli əhali, həm də xarici turistlər üçün unudulmaz etdi. Ziyarətçilər yaylaq həyatını yaxından görmək, tandır çörəyi və yerli yeməklərdən dadmaq, xalq sənəti nümunələri ilə tanış olmaq imkanı əldə ediblər.
IV Milli Yaylaq Festivalı Azərbaycanın multikultural dəyərlərini və Türk Dünyasının ortaq irsini bir daha nümayiş etdirdi.
SAMİRƏ