"Mərkəzi Avropa ölkələri bizim etibarlı tərəfdaşlarımızdır" - Hikmət Hacıyev
Azərbaycan Prezidentinin köməkçisi − Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Slovakiyanın “Hospodarske noviny” nəşrinə geniş müsahibə verib. H. Hacıyev müsahibəsində rəsmi Bakının iqtisadi siyasəti, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində artan rolu, “yaşıl fanatizm”in niyə kənara qoyulmalı olduğu barədə danışıb. H.Hacıyev Mərkəzi və Şərqi Avropa ölkələrini Azərbaycanın ənənəvi dostları və tərəfdaşları adlandırıb.
"Biz onlarla tarixi əlaqələri və dostluğu saxlayırıq, xüsusən Çexiya və ya Slovakiya kimi ölkələrlə. İyunda Praqada keçirilən “Globsec” təhlükəsizlik konfransında iştirak edə bildiyimə görə çox minnətdaram. Bəzən diplomatik şəkildə və zarafatla deyirik ki, slovak və ya çex dostlarımızla ünsiyyət qurmaq bizim üçün əlverişlidir, çünki bir-birimizi çox yaxşı başa düşürük.
Aramızda çox oxşarlıqlar var, məsələn, eyni çağırışlar və çətinliklərlə qarşılaşırıq. Bu mənada, mesajımızı Avropa İttifaqına və digər beynəlxalq institutlara çatdıra biləcəyinizə görə bizim üçün vacib tərəfdaş olduğunuzu söyləmək olar. Bütün bu aspektləri nəzərə alsaq, yalnız bir nəticə çıxır – Mərkəzi Avropa ölkələri bizim etibarlı tərəfdaşlarımızdır", - H.Hacıyev bildirib.
Mətləb Salahov























