İyulun 3-də Azərbaycan Prezidenti İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa yolunun açılışında iştirak edib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Prezident İlham Əliyevə görülmüş işlər barədə məlumat verdi.
Bildirildi ki, mövcud yolun uzunluğu 101 kilometr, yeni yolun uzunluğu isə 81,7 kilometrdir. Yeni yol məsafəni 19,3 kilometr qısaldacaq. Birinci texniki dərəcəyə uyğun olan yolun ilk 48 kilometri 6, qalan 33,7 kilometri isə 4 hərəkət zolağından ibarətdir. Yolboyu 1 qovşaq, 11 körpü, 7 tunel, 6 viaduk, yeraltı keçidlər və digər zəruri infrastruktur yaradılıb. Layihə çərçivəsində inşa edilən körpülərin ümumi uzunluğu 1557 metrdir. Viadukların bəzilərinin tikintisi zamanı Azərbaycanda ilk dəfə olaraq aşırım qəliblərin üfüqi sürüşdürülməsi üsulu ilə betonlama işləri yerinə yetirilib. İnşaat işləri zamanı yolboyu dəmir-beton və metal sədd çəpərlər, işıqlandırma sistemi quraşdırılıb. Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu başlanğıcını Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürməklə Füzuli, Xocavənd, Xocalı və Şuşanı birləşdirir.
Mətləb Salahov