“Mən bugünkü tədbiri çox əhəmiyyətli sayıram. İnanıram ki, belə tədbirlər can Azərbaycanla Şimali Kipr arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcək”.
Bunu Şimali Kipr Türk Cümhuriyyətinin (KKTC) Prezidenti Ersin Tatar Bakıda Şimali Kipr Mədəniyyət və Təqdimat Günləri çərçivəsində təşkil olunan sərgidə çıxışı zamanı deyib.
Şimali Kipr türklərinin üzləşdiyi duruma toxunan Ersin Tatar deyib ki, Şimalı Kirp türkləri hər zaman əzilib, onların hüquqları bütün mənalarda tapdalanıb: “Lakin bütün bu zülmə, haqsızlıqlara rəğmən xalqımız böyük müqavimət göstərib və bizi Türkiyədən ayırmaq istəyən qüvvələrə qarşı çıxıb.
Azərbaycan xalqı da böyük çətinliklərdən keçib və bu mənada talelərimiz oxşardır. Qarabağın işğaldan azad olunmasını nəzərdə tuturam. Bu gün biz ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdik. Dahi şəxsiyyət olan Heydər Əliyevin oğlu İlham Əliyevin rəhbərliyi, Baş Komandanlığı altında Qarabağ öz azadlığına qovuşub. Bu münasibətlə bir daha ürəkdən Azərbaycan xalqını təbrik edirəm. Dövlətinizə və millətinizə bundan sonra sülh, əmin-amanlıq və gözəl həyat arzu edirəm. Biz eyni millətin insanlarıyıq, mədəniyyətimiz birdir, tariximiz birdir, dillərimiz də birdir. Bizlər bir-birimizin gözünə baxarkən ürəyimizdən keçənləri oxuyuruq. Can Azərbaycanla əlaqələrimiz mədəni, ticarət, təhsil və başqa sahələrdə daha da inkişaf edəcək. Biz böyük türk dünyasının övladlarıyıq. Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Türkiyə, Azərbaycan və digər türk dövlətləri bir-biri ilə çox sıx bağlıdır. 300 milyonluq türk dünyasının bir-birinə daha da yaxınlaşması, qardaşlıq bağlarının möhkəmlənməsi üçün daha böyük addımlar atılacaq”.
KKTC prezidenti eyni zamanda Bakıda olduğundan çox qürur duyduğunu da dilə gətirib.
“Baki-xeber.com