Məlum olduğu kimi, Azər Zeynalov Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini vəzifəsindən istefa verdiyini açıqlayıb. Qeyd edək ki, ötən il Vasif Talıbovun istefasından sonra yeni sədr seçilənədək Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədri vəzifəsinin icrası müvəqqəti olaraq sədrin birinci müavini Azər Zeynalova həvalə edilmişdi.
Xatırladaq ki, Azər Zeynalov 2005-ci ildən Naxçıvan Muxtar Respublikası Ali Məclis sədrinin birinci müavinidir. Bəs kimdir Azər Zeynalov? O, Naxçıvanın sabiq rəhbəri Vasif Talıbovun ən etibarlı və “vazkeçilməz” kadrlarından biri kimi ad çıxarıb. Maraqlıdır ki, gənc yaşlarından Vasif Talıbovun yanında çalışan A.Zeynalov bəs bu müddətə qədər sədrin səlahiyyətlərini icra edən şəxs kimi necə vəzifədə qala bilib?. Axı Muxtar Respublika ictimaiyyəti vaxtaşırı mətbuata açıqlamalarında dönə-dönə xatırladırlar ki, A.Zeynalov məhz keçmiş sədrin “qara kassası” kimi fəaliyyət göstərib. Muxtar Respublikada ictimai rəyin A.Zeynalov barədə belə düşüncədə olduğu halda, onun neqativ əməllərdə rolunun olmaması mümkünsüz məsələdir. Əslində A.Zeynalovun fəaliyyət dövrünün özünün böyük araşdırmaya ehtiyacı var. Digər diqqət çəkan məqam da odur ki, V.Talıbovun Naxçıvanda ictimai qınağa tuş gələn kadrları hələ A.Zeynalovla bitmir. Çox güman ki, gözə çarpmayan, amma bir sıra neqativ fəaliyyətdə “ad çıxarmış” kadrlar hələ də iş başındadır. Neqativ fəaliyyətlə ad çıxaran “kadrlar toplusu”... Görünən dağa da bələdçi gərək deyil! Mətləb