İrlandiyada işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova İrlandiya Parlamentinin Nümayəndələr Palatasının sədri Şon Oferghail ilə görüşüb. Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Milli Məclisin sədrini salamlayan İrlandiya Parlamenti Nümayəndələr Palatasının sədri Azərbaycan parlamentinin rəhbərinin İrlandiyaya ilk səfərindən məmnunluğunu ifadə edib. Nümayəndələr Palatasının sədri İrlandiya parlamentində Azərbaycanın Milli Məclisi ilə dostluq qrupunun yaradılması üzərində iş getdiyini diqqətə çatdırıb və bunun parlamentlərarası əlaqələrin daha da gücləndirilməsinə töhfə verəcəyinə inamını ifadə edib.
O, ölkəsinin xarici ölkələrə investisiya qoymaqda, iqtisadiyyat və turizm sahələrində əlaqələri inkişaf etdirməkdə maraqlı olduğunu qeyd edib, Azərbaycanın regiondakı aparıcı rolu, ölkəmizin Avropanın etibarlı enerji tərəfdaşı olması barədə fikirlərini bölüşüb. İrlandiyalı spiker iki ölkənin parlamentlərarası və digər sahələrdə əlaqələrini daha da inkişaf etdirmək üçün qarşılıqlı səfərlərin vacibliyini vurğulayıb, bu sahədə mövcud imkanlardan danışıb. Azərbaycan parlament nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirən spiker Sahibə Qafarova, təhsil, mədəniyyət, humanitar sahələrdə və parlamentlər arasında münasibətlərin daha da inkişaf etdirilməsi üçün yaxşı potensialın olduğunu diqqətə çatdırıb.
Görüşdə Milli Məclisin sədri Cənubi Qafqazda, o cümlədən, Azərbaycanda, xüsusən də Qarabağ bölgəsində vəziyyət haqqında məlumat verib. Sahibə Qafarova xatırladıb ki, Azərbaycan öz torpaqlarını Ermənistanın işğalından azad etməklə BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını öz gücünə təmin edib və qarşı tərəfə beynəlxalq hüquqa əsaslanan 5 prinsipdən ibarət sülh sazişi təklif edib. O, təəssüflə qeyd edib ki, artıq 3 ilə yaxındır ki, Ermənistan bu sənədi imzalamayıb. Milli Məclisin sədri, həmçinin diqqətə çatdırıb ki, Ermənistan “blokada”, “humanitar böhran” kimi əsassız iddialarla beynəlxalq miqyasda Azərbaycana qarşı siyasi şantajını davam etdirib.
Milli Məclisin sədri bildirib ki, hazırda Qarabağda yaşayan erməni əhalisinin Azərbaycan cəmiyyətinə inteqrasiyası ilə bağlı müzakirələr aparılır və artıq Qarabağın erməni icmasının nümayəndələri ilə 2 görüş keçirilib. Xankəndinə humanitar yardım və ərzaq göndərilib. Ermənistana getmək istəyən ermənilərin bölgəni maneəsiz, problemsiz tərk etməsi üçün lazımi şərait yaradılıb, Qarabağda yaşamaq istəyən insanlar orada qalırlar. Spiker Sahibə Qafarova nəhayət, sülh sazişinin imzalanacağına ümid etdiyini bildirib.
Sonra spiker Sahibə Qafarova Parlamentin xatirə kitabını imzalayıb. Sonra Milli Məclisin sədri Sahibə Qafarovanın İrlandiya Respublikası Nümayəndələr Palatasının və Senatının iclas zallarında salamlama mərasimi keçirilib.