ABŞ Ermənistanın təhlükəsizliyini təmin etməkdə Rusiya ilə rəqabət apara bilməz – Peskovdan açıqlama

Rusiya ABŞ-ın Ermənistana tam mənada sahiblənməsindən olduqca narahatdır. Artıq Kremldə daha sərt fikirlər səslənməyə başlanıb. Kreml bəyan edib ki, ABŞ Ermənistanın təhlükəsizliyini, o cümlədən enerji və iqtisadi təhlükəsizliyini təmin etməkdə Rusiya ilə rəqabət apara bilməz. Xatırladaq ki, ABŞ prezidenti Co Bayden Ermənistana göndərdiyi məktubda İrəvanın bütün problemlərinin həllinə dəstək olacaqlarını bəyan etmişdi.
“Əgər onlar enerji sahəsində əməkdaşlıqdan danışırlarsa, o zaman Rusiya iqtisadiyyatı ilə mövcud inteqrasiyanın dərinliyi ilə müqayisə oluna biləcək heç nə yoxdur. Bunu Ermənistan iqtisadiyyatına dolayısı ilə subsidiyalarla müqayisə etmək çətindir”. Bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ prezidenti Co Baydenin Ermənistanın baş naziri Nikol Paşinyanı əmin etdiyi məktubunu jurnalistlərin xahişini şərh edərkən bildirib. Kreml nümayəndəsi xatırladıb ki, Rusiya Ermənistanı güzəştli qiymətlərlə müxtəlif təbii ehtiyatlarla təmin edir.
“Rusiyanın göstərdiyi yardım Ermənistanın və erməni xalqının inkişafına çox mühüm töhfədir. Rusiya bunu edib və bundan sonra da edəcək”, - Peskov qeyd edib.
“Buna görə də bizim qarşılıqlı fəaliyyətimizin səviyyəsini və bu qarşılıqlı əlaqədə iştirakımızı amerikalıların iştirakı ilə müqayisə etmək çətindir. Eyni şeyi həll etmək üçün şifahi müdaxilədə deyil, həll prosesində faktiki iştirakımız haqqında da demək olar. Yenə deyirəm, burada heç bir müqayisə yoxdur”, - Kreml sözçüsü əlavə edib. Rusiya prezidentinin mətbuat katibi onu da vurğulayıb ki, ikitərəfli Amerika-Ermənistan münasibətlərinin inkişafı iki dövlətin suveren hüququdur.
Artıq göründüyü kimi Moskva ABŞ-ın tam mənada Ermənistana sahiblənməsinə qırmızı işıq yandırır. Bütün əsrlərdə Ermənistana özünün vassalı kimi yanaşan Moskva üçün bu sadəcə qəbuledilməzdir, vəssalam...
Mətləb Salahov