Fəxri adlara görə aylıq təqaüdün məbləği 2023-cü il yanvarın 1-dən xalq yazıçısı, xalq şairi, xalq artisti və xalq rəssamı üçün 200 (iki yüz) manat müəyyən edilib. Həmçinin, əməkdar elm xadimi, əməkdar incəsənət xadimi, əməkdar artist, əməkdar rəssam, əməkdar mədəniyyət işçisi üçün 150 (yüz əlli) manat müəyyən edilib. Bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.
“Yeni sosial islahatlar paketi daha çox insanı əhatə edir ki, bu da onun əhəmiyyətini artıran əsas amillərdən biridir”
Fəxri adlara görə aylıq təqaüdün artmasının əhəmiyyəti haqqında danışan iqtisadçı Kamran Məmmədli qeyd etdi ki, Prezident İ.Əliyevin yeni sərəncamı ilə dövlət qurumlarında çalışanların əmək haqları və eləcə də sosial müavinətlər və təqaüdlər artırılıb. Artım fəxri adlara aylıq təqaüd məbləğlərinə də şamil olunub: “Belə ki, xalq yazıçısı, xalq şairi, xalq artisti və xalq rəssamı 200 yüz manat təqaüd alacaq. Əməkdar elm xadimi, əməkdar incəsənət xadimi, əməkdar artist, əməkdar rəssam, əməkdar mədəniyyət işçisi isə 150 (yüz əlli) manat təqaüd alacaq”.
Iqtisadçının sözlərinə görə, son illərdə Azərbaycanda həyata keçirilən sosial islahatların əsas hədəfi həssas kateqoriyadan olan vətəndaşların sosial müdafiəsini gücləndirməyə nail olmaqdır. Yeni sosial islahatlar paketi daha çox insanı əhatə edir ki, bu da onun əhəmiyyətini artıran əsas amillərdən biridir: “Əsas məqsəd cəmiyyətin bütün təbəqələrini əhatə etmək, onların daha yaxşı yaşaması üçün imkanlar yaratmaqdır. Məlumdur ki, Prezident İlham Əliyevin sərəncamı ilə bir sıra sahələrdə pensiya və təqaüdlərin həcmi artıb. Fəxri adlara görə də təqaüd artıb. Fəxri ad alan şəxslərin təqaüdlərinin artması onların sosial rifahının artmasına səbəb olacaq. Fəxri adı olan şəxslərin təqaüdlərinin artırılması sənətkarların qiymətləndirilməsi deməkdir.
Günel CƏLİLOVA