Prezident İlham Əliyev doktorantlara və “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 fevral tarixli 961 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.
Sərəncamla 2023-cü il yanvarın 1-dən əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği elmlər doktoru elmi dərəcəsinə görə 500 (beş yüz) manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 300 (üç yüz) manat müəyyən edilib.
“Bu sahədə qeydə alınan artım həmin sektorda təhsil alanların sosial vəziyyətinin yaxşılaşmasına səbəb olacaq”
Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, Fizika – riyaziyyat elmləri üzrə fəlsəfə doktoru İlqar Orucov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, bu sərəncam onu deməyə əsas verir ki, ölkə başçısı İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas məqsədi ölkə əhalisinin xoşbəxt yaşayışını təmin etmək, sosial rifahını yüksəltməkdir: “Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, hər bir azərbaycanlının prezidentidir və o bu vədinə sadiq qalaraq daim ölkə vətəndaşlarının sosial rifahını düşünür, bunun üçün lazımlı işlər görülür. Növbəti sərəncamda məhz bu qəbildəndir. Onu da nəzərə almaq lazımdır ki, bu siyasət davamlıdır”.
İ.Orucovun sözlərinə görə, ölkə başçısının sərəncamı ilə doktoranturanın hər iki pilləsində oxuyanların təqaüdü artırıldı. Elmlər və fəlsəfə hazırlığı üzrə doktoranturada oxuyanların təqaüdü artdı. Eyni zamanda, magistratura səviyyəsində təhsil alanlarında təqaüdü artırıldı: “Bu sahədə qeydə alınan artım həmin sektorda təhsil alanların sosial vəziyyətinin yaxşılaşmasına səbəb olacaq”.
Günel CƏLİLOVA