Dekabrın 22-də AZAL 2023-cü ilin yay cədvəli çərçivəsində 9 istiqamət üzrə 29 avroya aviabiletlərin satışa çıxarılacağını elan etdi. Məlumatda martın 26-dan oktyabrın 29-dək həyata keçiriləcək uçuşların hava yollarının aşağıbüdcəli “Buta Airways” aviaşirkəti tərəfindən minimal “Büdcə” tarifi ilə həyata keçiriləcəyi və 10 000 biletin onlayn satışının planlaşdırıldığı bildirilib. Həmin gün saat 16:00-da biletlər satışa çıxarılmalı olsa da, qeyd edilən saatdan etibarən saytın onlayn satış bölməsi işləməyib. Nəticədə vətəndaşların ucuz bilet almaq istəyi elə istək olaraq da qalıb. Vətəndaşlar bununla bağlı narazılıqlarını sosial şəbəkədə qeyd ediblər.
Ekspertlər bildirir ki, AZAL-da qiymət siyasəti hansısa aksiyalarla yox, ciddi islahatlarla həllini tapmalıdır.
“AZAL sayəsində Azərbaycan vətəndaşlarının xarici ölkələrə getməyi məhdudlaşdırılıb”
Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov qeyd etdi ki, AZAL ilə bağlı onlara çoxlu sayda şikayətlər daxil olur: "AZAL dünyanın az şirkətlərindən biridir ki, burada əgər desən ki, biletimi qaytar, qaytarmayacaqlar. Baş verən hadisədə istehlakçı hüquqları kobud şəkildə pozulub. AZAL sayəsində Azərbaycan vətəndaşlarının xarici ölkələrə getməyi məhdudlaşdırılıb. Onu da qeyd edim ki, Azərbaycanda turizm həddindən artıq bahadır. Hətta Türkiyədən də neçə dəfə bahadır. Sanki insanları məcbur edirlər heç yerə tərpənməsinlər, öz turizmimizdən istifadə etsinlər. Lakin insanlar da bundan bir müddət sonra bezəcəklər. Biletlərin çıxarılıb-satılması məsələsinə gəlincə, bu, istehlakçı hüquqlarının pozulması kimi qiymətləndirilə bilər. Bunun da kökündə duran səbəb istehlakçı siyasətinin olmaması, istehlakçı hüquqlarını qoruyan dövlət qurumunun susması, lal, kar olmasıdır. Bizdə istehlakçı hüquqlarının müdafiəsi haqda qanun 1995-ci ildə qəbul olunub, onun dəyişməyə çox ehtiyacı var”.
Günel CƏLİLOVA