Bayram günlərində ictimai nəqliyyata qoyulan qadağanın səmərəliliyi dərin mübahisələr doğurur...

img

Bayram günlərində ictimai nəqliyyatın xidmət göstərməməsini koronovirusla mübarizə tədbirləri kimi göstərirlər. Əsaslandırması budur ki, insanlar evdə qaldıqları üçün avtobuslara minib axışacaqlar şəhərə. Bunun da nəticəsində xəstəlik çoxalacaq. Bəs real vəziyyət necədir, insanlar şəhərə gedə bilirmi? Müşahidələr göstərir ki, paytaxt əhalisi bu problemin asan həllini tapıb. Taksi sürücüləri adambaşı 1 manatdan Bakının əksər yerlərinə müştəri daşıyırlar. Bu da insanların işini rahatlaşdırıb. İndi evinin kandarından ayağını kənara qoyan hər kəs yollarda 1 manatlıq taksilərə rast gələ bilər. Hazırda vəziyyət belədir - insanlar ya evdən çıxmır, ya şəxsi maşınları var, ya da 1 manatlıq taksi xidmətindən istifadə edirlər. Heç kəs avtobus işləmir deyə, məcbur evə qapanmır, harasa getmək lazımdırsa yolunu tapıb çıxırsa, onda bu qadağalar nəyə lazımdır?

“Bayram günlərində insanların küçəyə çıxma kimi qadağası yoxdursa, niyə ictimai nəqliyyat işləməsin?”

Bakının ətraf qəsəbələrindən birində yaşayan, şəxsi avtomobili olmadığı üçün daha çox 1 manatlıq taksilərin xidmətindən istifadə edən İSBAM sədri Samir Adıgözəlli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, ictimai nəqliyyata qadağa qoymaq vəziyyətdən çıxış yolu deyil: “Türkiyədə bir neçə aydır ki, həftəsonları sərtləşmə tədbirləri görülür. Amma ictimai nəqaliyat işləyir. Axı həftə sonları yalnız insanlar gəzməyə getmir. Elə sahələr var ki, onların əməkdaşları həftəsonları da işləyir. Həmin vaxtlarda çalışan tibb və polis işçilərinin məgər hamısının maşını var? Bayram günlərində insanların küçəyə çıxma kimi qadağası yoxdursa, niyə ictimai nəqliyyat işləməsin?  Metro ilə bağlı qərar da məntiqsizdir. Adi günlərdə avtobuslar işləyir, ancaq metro yox. Elə pandemiyanın yayılmasına əsl şəraiti də bu yaradır. Çünki avtobuslar yeganə nəqliyyat vasitəsi kimi çox böyük sıxlıqla çalışır. Mən metroda belə sıxlıq görməmişəm. Nəzərə alsaq ki, universitetlər də işləmir, onda metroda sıxlıq daha az olacaq. Gedin indi 20 Yanvar və Koroğlu dairəsinə baxın. Hamı 1 manatlıq taksilərə minməyə çalışır. Nəticədə vətəndaşlar böyük maddi ziyana düşür. Operativ Qərargah və BNA bu istiqamətdə doğru qərar qəbul etməlidir. Belə qadağalar vəziyyətdən çıxış yolu sayıla bilməz”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər