32 il əvvəl Ermənistandan qovulmuş qaçqınlarımıza ikili vətəndaşlıq statusu…

Rizvan Talıbovun rəhbərlik etdiyi qurumlar Prezidentə və Milli Məclis sədrinə müraciət etdi

img

Göyçə-Zəngəzur Respublikası və Qərbi Azərbaycana (Ermənistana) Qayıdış Birliyinin Mətbuat xidmətindən baki-xeber.com-a verilən məlumata görə, Göyçə-Zəngəzur Respublikası prezidenti, QAQB sədri Rizvan Talıbov Azərbaycan Prezidenti İlham Əliyevə, AR Milli Məclisinin sədri Sahibə Qafarovaya, Milli Məclisin deputatlarına məktubla müraciət edib. Rizvan Talıbov ölkə prezidenti, Ali Baş Komandan İlham Əliyevə müraciətində ordumuzun 44 günlük müharibədə erməni faşizmi üzərində qazandığı tarixi qələbənin məcburi köçkünlərin yurdlarına qayıdışını mümkün etdiyi kimi, Ermənistandakı tarixi yurdlarından zorakılıqla qovulmuş soydaşlarımızda da yurdlarına yenidən qayıda biləcəkləri inamını yaratdığı vurğulanıb.

Müraciətdə bildirilir ki, QAQB olaraq regionumuzda yaratmış olduğumuz yeni reallığı nəzərə alaraq, ölkə Prezidentinin Göyçəyə, Zəngəzura və indiki Ermənistandakı digər tarixi yurdlarımıza qayıdışımızın reallaşması yolunda atdığı addımlara, yürütdüyü siyasətə daha effektiv, daha səmərəli dəstək verə bilməyimiz üçün, QAQB Ali Məşvərət Şurasının 10 mart 2021-ci il tarixi qərarı ilə Göyçə-Zəngəzur Respublikasının yaradıldığını elan etdik. Hazırda Respublikanın dövlət strukturlarının formalaşdırılması istiqamətində işlər görülür. İnanırıq ki, Sizin indiki Ermənistandakı tarixi yurdlarımıza Qayıdışımız üçün yürütdüyünüz müdrik siyasət nəticəsində məcburi köçkünlər kimi bizlər də 32 ildir həsrətində olduğumuz yurdlarımıza yenidən Qayıda biləcəyik! 32 ildir o yurdlarımızda uyuyan əzizlərimizin dağıdılmış məzarları üzərində quran oxudub, narahat ruhlarını şad edəcəyik!!!

Müraciətdə Göyçə-Zəngəzur Respublikası və QAQB-nin ölkə Prezidentinin yürütdüyü daxili və xarici siyasətə tam dəstək ifadə olunur.

Milli Məclisin sədri Sahibə Qafarovaya və Milli Məclis deputatlarına müraciətdə isə, Ermənistandan qovulmuş soydaşlarımızın tarixi yurdlarına Qayıdışının hüquqi yolunun açılması, bu yolda ölkə Prezidentinin yürütdüyü siyasətinə effektiv dəstək verilməsi üçün zamanında Ermənistan qaçqını statusunda olmuş, sonradan Azərbaycan vətəndaşlığına qəbul olunmuş həmin kateqoriyadan olan vətəndaşlara könüllülük əsasında ikili vətəndaşlığın verilməsinin vacibliyi bildirilir, Milli Məclis tərəfindən belə bir qanun layihəsinin qəbul olunması təşəbbüsü irəli sürülür!!!

Hazırldı: Namiq QULİYEV

Son xəbərlər