Suriyanın İdlib bölgəsində Bəşər Əsədə sadiq qüvvələrin açdığı top atəşi nəticəsində Türkiyə ordusunun 5 əsgəri 1 mülki personal şəhid olub, 5 əsgər isə yaralanıb.
Baki-xeber.com xəbər verir ki, Türkiyə Müdafiə Nazirliyi bölgədə təyin edilən hədəflərin dərhal cavab atəşinə tutularaq məhv edildiyini açıqlayıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə bildirib ki, Türkiyə İdlibdəki hücumun cavabını artıqlaması ilə verib və verməyə də davam edir. "Hazırda əməliyyat davam edir. Müəyyənləşdirilən 40-a yaxın nöqtə əməliyyatların hədəfindədir və ilkin məlumatlara görə, Suriya tərəfindən təxminən 30-35 nəfər zərərsizləşdirilib. Nöqtəni qoymayacağıq, əməliyyat eyni şəkildə davam edir. Çünki biz bir tərəfdən şəhid verərkən, digər tərəfdən səssiz qala bilmərik. Hazırda bölgədə təyin olunan nöqtələr həm fırtına özüyeriyən artilleriya qurğusu, həm də "F-16" ilə vurulmağa davam edir", - Türkiyə prezidenti vurğulayıb.
Ərdoğan Rusiya rəsmilərinə xitab edərək vurğulayıb: "Burada qarşı tərəf siz deyilsiniz, tamamilə rejimdir. Bizim qarşımızı kəsmək kimi bir vəziyyət olmasın. Bunun cavabını verməkdə davam edəcəyik".