Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İdlibdəki hücumla bağlı “Türkiyə bu hücumun cavabını qat-qat verib, verməyə də davam edir” deyib.
Baki-xeber.com-un xəbərinə görə, Prezident Ərdoğan Ukraynaya yola düşməzdən əvvəl Atatürk hava limanında keçirdiyi mətbuat konfransında təxminən 40 nöqtənin davamlı əməliyyat hədəfləri arasında olduğunu və bölgədə təyin olunan nöqtələrin həm “Fırtına” özüyeriyən artilleriya qurğusu (Ö.A.Q.), həm də F-16 ilə vurulmağa davam edildiyini söyləyib.
R.T.Ərdoğan saat 06.15-dən etibarən 46 rejim hədəfinə 122 “Fırtına” Ö.A.Q. və 100 minaatanla zərbə endirildiyini vurğulayıb. “Ölkəmizin, millətimizin və İdlibli qardaşlarımızın təhlükəsizliyinin təmini üçün keçirdiyimiz əməliyyatları davam etdirməkdə qərarlıyıq. Bu tərz alçaq hücumlarla Türkiyənin qərarlılığını sınayanlar böyük bir səhv etdiklərini anlayacaqlar”- o deyib.
Ərdoğan, “Burada biz şəhid verərkən bunlara qarşı səssiz qalmağımız mümkün deyil. Bunun hesabını soruşmağa davam edəcəyik. Nöqtə qoyulmayacaq, eyni şəkildə əməliyyat davam edir və ilkin məlumatlara görə, Suriya tərəfindən təxminən 30-35 nəfər zərərsizləşdirilib”, - deyə bildirib.
Ərdoğan, Rusiya rəsmilərinə xitabən, “Burada qarşı tərəf siz deyilsiniz, tamamən rejimdir. Bizim qarşımızı kəsmək kimi bir vəziyyət olmasın” sözlərini ifadə edib.