İran İslam Respublikası ölkənin daxili məsələlərinə müdaxilə etməməsi ilə bağlı Böyük Britaniyaya ciddi xəbərdarlıq edir. Bunu İran hökumətinin sözçüsü Əli Rəbii mətbuat konfransında deyib. Bu barədə “Trend” IRIB-ə istinadən məlumat verib.
Ə.Rəbiinin sözlərinə görə, Britaniya səfiri Rob Macaire qanunsuz aksiyada iştirak etdiyi üçün qısa müddətə saxlanılıb: "İran polisi onun kimliyini bildikdən sonra 15 dəqiqə ərzində azad edilib. Bu, bir səfirin vəzifələrinə zidd, qəbuledilməz və qeyri-peşəkar hərəkətdir. Britaniya səfiri bu hərəkətinə görə İran Xarici İşlər Nazirliyinə çağırılıb və ona və Britaniya hökumətinə İranın etirazı bildirilib".
Xatırladaq ki, 8 yanvarda İranın Tehran vilayətinin Parand şəhəri yaxınlığında Ukraynaya məxsus sərnişin təyyarəsi İranın silahlı qüvvələri tərəfindən yanlışlıqla vurulub. Britaniya səfiri bu hadisəyə etiraz olaraq 11 yanvarda Tehranda Əmir-Kəbir Universitetinin qarşısında keçirilən aksiyada iştirak etdiyinə görə saxlanıb. Lakin diplomatik toxunulmazlığı olduğuna görə sonradan azad edilib.