05/07/2020 12:08
728 x 90

Avstriya ABŞ-ın "Şimal axını-2" əleyhinə sanksiyalarına qarşı çıxdı

img

Avstriyanın Xarici İşlər naziri Aleksander Şallenberq Amerikanın "Şimal axını-2" layihəsinə qarşı tətbiq etdiyi sanksiyaları tənqid edib.

Sputnik Azərbaycan xəbər verir ki, Şallenberq "Die Presse" qəzetinə verdiyi müsahibəsində sanksiyaların "qəbul edilməz" olduğunu deyib.

"Biz sanksiyaların eksterritorial təsirini rədd edirik", - o bildirib.

Nazir qeyd edib ki, boru kəməri Avropanın enerji təchizatının şaxələndirilməsinə kömək edir və Ukraynanın maraqlarına xələl gətirmir.

Şallenberq xatırladıb ki, Vaşinqton layihənin ünvanına səsləndirdiyi tənqidin iqtisadi əsaslarının olduğunu gizlətmir. Birləşmiş Ştatların Avropa İttifaqına mayeləşdirilmiş qaz ixrac etmək planları barədə suala cavab verərkən XİN başçısı "Avropanın digər maraqlarının olduğunu" deyib.

Bununla yanaşı, o, ABŞ və Aİ ölkələrinin eyni dəyərlərə malik olduğunu vurğulayıb. "Lakin biz 30 illik üsullardan istifadə etməyə davam edə bilmərik. Dünya çoxqütblü olub", - nazir qeyd edib.

2019-cu il dekabrın 20-də Amerika Prezidenti Donald Tramp 2020-ci il üçün müdafiə büdcəsini imzalayıb. Sənəd xüsusilə "Şimal axını-2" və "Türk axını" qaz kəmərlərinə qarşı məhdudlaşdırıcı tədbirləri nəzərdə tutur.

ABŞ bu qaz kəmərlərinin tikintisi ilə məşğul olan şirkətlərdən dərhal işi dayandırmağı tələb edib. İsveçrənin "Allseas" şirkəti layihədə iştirakını dərhal dayandırıb.

"Şimal axını-2" layihəsi çərçivəsində Rusiyadan Almaniyaya ümumi gücü 55 milyard kubmetr olan iki qaz boru kəməri inşa edilir.

Boru xətti Rusiya, Finlandiya, İsveç, Danimarka və Almaniyanın ərazi suları və ya müstəsna iqtisadi zonalarından keçəcək.

Ukrayna, Polşa, Latviya və Litva, həmçinin ABŞ fəal şəkildə "Şimal axını-2" layihəsinə qarşı çıxır. Onlar layihənin siyasi olduğunu və Avropanın enerji təhlükəsizliyinə təhdid yaratdığını iddia edirlər. Rusiya tərəfi isə dəfələrlə layihənin sırf kommersiya məqsədli olduğunu bildirib və vurğulayıb ki, kəmər Rusiya qazının Ukrayna vasitəsilə Aİ-yə tranzitinin dayandırılması üçün nəzərdə tutulmayıb.

Son xəbərlər