İstanbulda Rusiya təbii qazını Türkiyəyə və bu ölkə üzərindən Avropaya nəql edəcək “Türk Axını” təbii qaz boru kəmərinin açılış mərasimi keçirilib.
Baki-xeber.com-un xəbərinə görə, açılış mərasimində çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Enerji sahəsindəki əməkdaşlığımız digər sahələrdə olduğu kimi bütün sınaqlardan uğurla keçib. Türkiyə və Rusiya olaraq bu əməkdaşlığın zəminində yeni layihələrə və yeni uğurlara imza atmağa davam edəcəyik. Bundan bir ay öncə bölgəmizin ən strateji boru kəməri layihələrindən biri olan TANAP layihəsini əziz qardaşım, Azərbaycan Prezidenti İlham Əliyev ilə birlikdə rəsmi olaraq istifadəyə verdik.” - deyə bildirib.
Son 20 ildir davam edən münaqişə səbəbilə bölgənin onsuz da taqətdən düşdüyünü, İraqdan Suriyaya qədər fərqli güclər arasında həyata keçirilən vəkalət savaşının əziyyətini milyonlarla günahsız insanın çəkdiyini, əsrlər boyu sülh və əmin-amanlıq diyarı olan İslam mədəniyyətinin qədim şəhərlərinin bir dağıntıya çevrildiyini ifadə edən Türkiyə Prezidenti “Coğrafiyamızda artıq yeni bədəl ödəməyə kimsənin taqəti qalmayıb. Heç kimin yalnız öz mənfəətləri uğrunda, İraq başda olmaqla, bütün bölgəni yeni bir münaqişə ocağına çevirməyə haqqı yoxdur. Bütün tərəflərlə müzakirə apara bilən bir ölkə olaraq diplomatiya trafikimizi hərtərəfli bir şəkildə davam etdirəcəyik. Əlimizdəki bütün imkanları səfərbər edərək bölgəmizin qan və gözyaşına boğulmasına icazə verməyəcəyik.” – deyə qeyd edib.