Birləşmiş Ştatların BMT-dəki daimi nümayəndəsi Kelli Kraft təşkilatın Təhlükəsizlik Şurasına məktub göndərərək rəsmi Vaşinqtonun regionda gərginliyi azaltmaq üçün heç bir şərt olmadan İranla danışıqlara hazır olduğunu bildirib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Reuters" nəşri məktuba istinadən xəbər verir.
Kraftın sözlərinə görə, Birləşmiş Ştatlar İran rejimi tərəfindən beynəlxalq sülh və sabitliyə təhdidlərə imkan verməməyə çalışmaq niyyətindədir.
Bundan əlavə, daimi nümayəndə məktubunda qeyd edib ki, iranlı general Qasım Süleymaninin qətli BMT nizamnaməsinin 51-ci maddəsinə uyğundur və bu maddə dövlətlərə özünümüdafiə hüququ verir.
O, həmçinin vurğulayıb ki, Birləşmiş Ştatların 29 dekabr 2019-cu ildə İranla bağlılığı olan "Əl-Haşd əş-Şaabi" qruplaşmasına endirdiyi aviazərbələr İran tərəfinin və onun dəstəklədiyi qruplaşmaların Yaxın Şərqdə ABŞ gücləri və maraqlarına hücuma cavab olub.
Bu arada Birləşmiş Ştatlar Prezidenti Donald Tramp İran rəhbərliyi və xalqına müraciət edərək onlarla sülhə hazır olduğunu bildirib: "Biz İranla bu ölkənin inkişafına, çiçəklənməsinə və böyük reallaşdırılmamış potensialından faydalanmasına imkan verəcək saziş bağlamalıyıq. İran gözəl ölkəyə çevrilə bilər. İran nüvə ambisiyalarından əl çəkməli və terrorizmi dəstəkləməyi dayandırmalıdır".
Baki-xeber.com xəbər verir ki, Tramp ABŞ-ın İranla barışmağa hazır olduğu mesajını verib, bununla belə, İrana qarşı iqtisadi sanksiya tətbiq ediləcəyini də söyləyib.
BMT-nin baş katibi Antoni Quterreş prezident Donald Trampın İranın İraqdakı ABŞ hərbi obyektlərinə raket hücumundan sonra verdiyi açıqlamasını alqışlayır. "Biz ABŞ prezidentinin qarşıdurmanın aradan qaldırılmasına yönəlik istənilən ifadəsini alqışlayırıq”, - deyə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Dujarriç vurğulayıb.