İraqın Baş naziri Adil Abdulmehdi Bağdadda ABŞ-ın hücumu nəticəsində öldürülən İran komandiri Qasim Süleymaninin onun dəvətilə ölkəyə gəldiyini deyib. Abdulmehdi, Süleymaninin öldürülməzdən əvvəl İranın regional rəqibi Səudiyyə Ərəbistanına mesaj göndərməyə hazırlaşdığını da açıqlayıb.
Bakixeber.com xəbər verir ki, Baş nazir Adil Abdulmehdi bu barədə İraq parlamentinin Amerika qoşunlarının ölkədən çıxarılması üçün keçirdiyi fövqəladə iclasında çıxışı zamanı deyib.
Süleymanini Bağdada özünün dəvət etdiyini deyən Baş naziri A.Abdulmehdi öldürülmədən öncə cümə günü səhər iclas keçirməyi planlaşdırdığını söyləyib.
Abdulmehdi öldürüldüyü zaman Süleymaninin üzərində İranın Səudiyyə Ərəbistanına çatdırılması üçün yazdığı bir məktubun olduğunu da iddia edib. Onun sözlərinə görə İran, Səudiyyə Ərəbistanı ilə gərginliyi azaltmaq üçün əvvəllər onlara göndərilən bir mesaja sözügedən məktubla cavab vermişdi.
İraq Baş naziri, Əbu Mehdi əl-Mühəndisin, qətl hadisəsindən bir qədər əvvəl Bağdadda ABŞ səfirliyinə basqın zamanı milislərin etirazlarda iştirak etməsinə qarşı olduğunu vurğulayıb. Onun sözlərinə görə, Mühəndis ölümündən bir qədər əvvəl milislər ABŞ səfirliyinin önündən çəkilməzsə istefa verəcəyini deyib və bundan sonra etirazlar səngiyib.
Onu da qeyd edək ki, parlamentin fövqəladə iclası davam edərkən ABŞ-ın Bağdaddakı səfiri İraq Xarici İşlər Nazirliyinə çağırılıb. Görüşdə ABŞ-ın təşkil etdiyi sui-qəsdlə İraqın suverenliyinin və beynəlxalq hüququn pozulduğu vurğulanıb.