İran prezidenti Həsən Ruhani türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana zəng edib.
Baki-xeber.com-un xəbərinə görə, telefon danışığı zamanı o, Türkiyənin ABŞ-a qarşı İranla birgə çıxış etməsini təklif edib.
"Biz ABŞ-a qarşı birgə çıxış etməsək, bu bütün regionu təhlükə altına salacaq", - deyən İran prezidenti Ankara ilə Tehranın"həmişə mürəkkəb məsələlərdə əməkdaşlıq etdiklərini" xatırladıb. RBC-nin məlumatına görə, Ruhani "Təcavüzkar hərəkətlərə qarşı davam edən sükut daha çox cəsarətə səbəb ola bilər", - deyə bildirib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bu təklifə hansı cavabı verdiyi açıqlanmır.
Bu arada ABŞ prezidenti Donald Tramp özünün tvitter hesabında İranı təhdid edən paylaşım edib. “Amerikalılara hücum ediləcəyi təqdirdə, Vaşinqton İranda, mədəniyyət obyektləri də daxil olmaqla, 52 hədəfə zərbə endirəcək", - deyə Tramp bildirib.
“RİA Novosti”nin xəbərinə görə, Tramp "Qoy bu xəbərdarlıq olsun ki, İran amerikalılara və ya Amerika əmlakına zərbə vurarsa, biz İranda illər öncə əsir alınmış 52 girov qarşılığında 52 mövqeyə zərbə endirəcəyik. ABŞ artıq hər hansı bir təhlükə istəmir" sözlərini yazıb.
Xatırladaq ki, İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) tərkibinə daxil olan "əl-Qüds" xüsusi qüvvələrinin komandiri general Qasım Süleymani cümə axşamı ABŞ Silahlı Qüvvələrinin vertolyotları tərəfindən həyata keçirilən basqın nəticəsində qətlə yetirilib: o, Bağdad hava limanından yola düşən avtomobildə olub. Pentaqon xüsusi əməliyyatda iştirak etdiyini rəsmən təsdiqləyib və bu əməliyyatın prezident Donald Trampın sərəncamı ilə həyata keçirildiyini açıqlayıb.
Onu da bildirək ki, Yeni İl ərəfəsində - dekabrın 31-də şiə qruplaşmaları ABŞ-ın Bağdaddakı səfirliyinə hücum edib. Vaşinqtonda əmindirlər ki, hücum Suleymani tərəfindən təşkil edilib.
Baki-xeber.com