ABŞ-ın İraqdakı hərbi varlığına son qoyula bilər. Baki-xeber.com xəbər verir ki, bununla bağlı İraq Milli Təhlükəsizlik Şurasının iclasından sonra yayılan açıqlamada deyilir.
Qeyd edək ki, baş nazir Adil Abdulmehdinin rəhbərliyi ilə toplanan İraq Milli Təhlükəsizlik Şurası ABŞ-ın, İran İslam İnqilabı Keşikçiləri Korpusuna bağlı Qüds briqadasının rəhbəri Qasim Süleymani və Haşdi Şabi komandirlərindən Əbu Mehdi əl-Mühəndisin ölümü ilə nəticələnən raket hücumunu müzakirə edib.
Şuranın iclasından sonra yayılan açıqlamada Süleymani və Mühəndisə qarşı hücumun ölkə suverenliyinin pozulması kimi dəyərləndirilir və pislənir.
Sözügedən hava hücumunun, ABŞ qüvvələrinin İraqda mövcudluğu şərtlərindən kənara çıxması anlamına gəldiyi deyilən açıqlamada, mövzunun parlamentin sabah keçiriləcək fövqəladə iclasında müzakirəyə çıxarılacağı deyilir. Qeyd edilir ki, parlamentdə ABŞ-ın ölkədəki hərbi varlığına son qoyan qərar qəbul edilə bilər.
İraqın Baş naziri bir gün əvvəl yazılı açıqlamasında "Rəsmi vəzifədə olan iraqlı hərbi liderə sui-qəsd edilməsi İraq xalqına, dövlətə və hökumətə düşmənçilikdir" demişdi.