ABŞ yanvarın 2-dən 3-nə keçən gecə Bağdad Beynəlxalq Aeroportunda İran İslam İnqilabı Keşikçiləri Korpusuna bağlı Qüds qüvvələrinin komandiri Qasim Süleymani və şiə qrupu Haşdi Şabi liderlərindən olan Əbu Mehdi əl-Mühəndisin də aralarında olduğu 10 nəfərin ölümü ilə nəticələnən raket hücumundan bir gün sonra İraqda Haşdi Şabi liderlərinə qarşı daha bir hücum təşkil edib.
Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, Bağdad yaxınlığında iki avtomobil qırıcı təyyarələr tərəfindən vurulub. Yerli mənbələr hücumun ABŞ tərəfindən gerçəkləşdirildiyini iddia edib.
Livanda yerləşən Al Mayadeen kanalı, Bağdadın şimalında iki avtomobilin hədəf alındığını bildirib. Hava zərbələrinin Haşdi Şabinin yüksək vəzifəli şəxslərini hədəf alındığı iddia edilib.
Sky News da şahidlərə istinadən vurulan avtomobillərdə Haşdi Şabi komandirlərinin olduğunu iddia edib. Hücumun Bağdadın şimalındakı Əl Taci bölgəsində edildiyini bildirən Al Hadath kanalı bir Haşdi Şabi komandirinin öldürüldüyünü xəbər verir. Yerli mənbələr hücumda Haşdi Şabiyə bağlı İmam Əli Briqadalarının komandiri Şibl Zeydinin öldüyünü deyir.
İraq təhlükəsizlik qüvvələrindəki mənbələr də Əl-Cəzirə kanalına açıqlamasında Bağdadın şimalındakı Taci bölgəsində vurulan iki avtomobilin Haşdi Şabiyə aid olduğunu söyləyib.
İraq Təhlükəsizlik Qüvvələri Bağdadın şimalında avtomobil karvanına hava hücumu təşkil edildiyini və 6 nəfərin öldüyünü açıqlayıb.