ABŞ-dan Körfəzdə gərginliyi artıracaq qərar… Cəbəllütariqdə saxlanan qalmaqallı İran tankerinin ələ keçirilməsinə qərar verildi

ABŞ məhkəmə Cəbəllütariqdə ələ keçirilən İran tankerinin saxlanması barədə qərar çıxarıb.
Baki-xeber.com xəbər verir ki, ABŞ məhkəməsinin yaydığı sənədlərdə, Britaniya Kral Dəniz Piyadalarının ötən ay Cəbəllütariqdə saxladığı, sonradan sərbəst buraxdığı İrana aid Grace 1 neft tankerinin tutulması barədə qərar qəbul edildiyi görünür.
Vaşinqton Grace 1 neft tankerinin, terror təşkilatları siyahısına saldığı İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqəli olduğunu bildirir. Bundan başqa, Birləşmiş Ştatlar İran tankerinin ABŞ sanksiyalarını pozaraq Suriyaya neft daşıdığına dair dəlilin olduğunu qeyd edir.
Həftələrdir böhrana səbəb olan İran tankeri 1.2 milyon barrel neft daşıyır. ABŞ prokuroru bildirib ki, Grace 1 tankeri, daşıdığı neft və 995 min dollar ABŞ hökumətinin şikayəti üzrə ələ keçirilə bilər.
Tanker iyulun 4-də İranın yaxın müttəfiqi Suriyaya neft daşıyaraq Avropa İttifaqının sanksiyalarını pozmaq şübhəsi ilə Aralıq Dənizində Britaniya Kral Piyada Korpusu tərəfindən ələ keçirilib. “Reuters”in əldə etdiyi məhkəmə sənədində tankerin iyulun əvvəlində Suriyaya getməyi planlaşdırdığına dair dəlilin olduğu bildirilib. İran dəfələrlə tankerin Suriyaya doğru getdiyini inkar edib.
Cəbəllütariq rəsmiləri iki gün əvvəl bildirib ki, ABŞ-ın Ədliyyə Nazirliyi tankeri ələ keçirmək üçün müraciət edib. Cəbəllütariq ABŞ Ədliyyə Nazirliyinin tələbini cümə axşamı aldığını bildirib və həmin gün tankerin buraxılması barədə qərar verib. Lakin ABŞ-ın onu ələ keçirməklə bağlı məhkəmə qərarı gəminin aqibətini daha da qəlizləşdirib.
Tanker cümə günü istiqamətini dəyişib, amma lövbərini qaldırmayıb və onun yaxında yola düşüb-düşməyəcəyi hələ ki, bəlli deyil.