İran prezidenti Həsən Ruhani, İranın danışıqlar tərəfdarı olduğunu, lakin ABŞ-ın danışıqlar üçün bütün sanksiyaları ləğv etməli olduğunu deyib.
Baki-xeber.com xəbər verir ki, Ruhani, ABŞ-ın İran lideri Ayətullah Əli Xamenei və xarici işlər naziri Zərifə qarşı sanksiyalarla danışıqlar məsələsində səmimi olmadığını göstərdiyini söyləyib.
"Deyirlər ki, ilkin şərtlər olmadan danışıqlar aparmaq istəyirlər, amma ertəsi gün Böyük İnqilab rəhbərinə (Xamenei) qarşı sanksiya tətbiq edirlər. Bəs necə danışıqlar aparaq? Danışıqları qəbul etsək, bununla bağlı son qərarı kim verəcək? Konstitusiyamızı bilirsiniz. Rəhbərin razılığı olmadan necə danışıq aparmaq olar? Sonra yenidən danışıqlar aparmaq istədiklərini deyirlər. Ardınca da xarici işlər nazirinə sanksiya tətbiq edirlər. Kiminlə danışıq aparacaqsınız? Danışıqlara cavabdeh xarici işlər naziridir. Bir gün danışıq aparmaq qərarına gəlsək, sizinlə o danışacaq” - Ruhani deyib.
Ruhani, ABŞ-la bölgədəki gərginliyə də toxunub: "İranla barışıq bütün sülhün anasıdır, İranla müharibə də bütün müharibələrin anasıdır. Bölgədəki qoşunlarınız üçün təhlükəsizlik istəyirsiz… Təhlükəsizliyə qarşı təhlükəsizlik. Bizə zərər versəniz, özünüzün də təhlükəsizlikdə olduğunuzu düşünə bilməzsiniz. Sülhə qarşı sülh, neftə qarşı neft. Neft ixracımızın qarşısını alıb, başqalarına neft satmasına icazə verə bilməzsiniz".
Ruhani İngiltərə hökumətinə də mesaj göndərib: "Reallaşdıra bilməyəcəyiniz şeylərdən danışmayın. Cəbəllütariq boğazını bizim üzümüzə bağlasanız, Hörmüz boğazı sizə açıq olmaz".