Rəsmi Vaşinqton Türkiyə ordusunun Suriya ərazisində, Fərat çayından şərqdə əməliyyat keçirmək niyyətindən narahatdır. Baki-xeber.com xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Morqan Ortequs bildirib.
"Suriyanın şimal-şərqində bu cür birtərəfli hərbi addımlar, xüsusən də ABŞ qoşunlarının əməliyyat bölgəsinin yaxınlığında olması ehtimalı, ABŞ və yerli suriyalı tərəfdaşlarının İŞİD əleyhinə əməliyyatlarını davam etdirdikləri üçün ciddi narahatlıq doğurur", - deyə Ortequs qeyd edib.
Ortequs hesab edir ki, bu cür addımlar yolverilməzdir.
Departament sözçüsü ABŞ-ın Türkiyə ilə Suriyada təhlükəsizlik zonasının yaradılmasına dair intensiv müzakirələr aprdığını vurğulayıb: “Düşünürük ki, bu dialoq sərhəd bölgəsində təhlükəsizliyin təmin olunmasının yeganə yoludur. Türkiyənin razılaşma olmadan keçirəcəyi hər hansı bir hərbi əməliyyat, bu ortaq maraqlara zərər verə bilər”.
Qeyd edək ki, ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Türkiyə ordusu Suriyada PKK terror təşkilatının Suriya qolu sayılan PYD/YPG-yə qarşı Fərat çayından şərqdə əməliyyat keçirəcək. Ərdoğan Türkiyənin hərbi əməliyyata başlayacağı barədə ABŞ və Rusiyanı məlumatlandırdıqlarını bildirib: "Biz Suriyada Afrini, Gerablusu azad etdik, indi də Fərat çayının şərqində əməliyyat aparacağıq. Biz bu barədə ABŞ və Rusiyanı məlumatlandırdıq. Biz ölkəmizə hücumları sadəcə, müşayiət edə bilmərik".