Almaniya ABŞ-ın Hörmüz boğazında ticarət fəaliyyətinin təhlükəsizliyini təmin edən missiyada iştirak təklifini rədd edib.
Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə Almaniya hökumətinin sözçüsü Ulrike Demmer açıqlama verib.
Hökumət sözçüsü ABŞ-ın, bir neçə gün əvvəl Almaniyanın da aralarında olduğu bəzi müttəfiqlərinə Fars körfəzinə nəzarət etmək üçün missiyanın planını təqdim etdiyini və dəstək istədiyini bildirib.
Demmer, Almaniya hökumətinin bu konkret təklifə "ehtiyatla yanaşdığını" və sözügedən plana hər hansı bir dəstək vermədiyini deyib: "Çünki İran siyasətimiz ABŞ-ın hazırkı yanaşmasından əhəmiyyətli dərəcədə fərqlənir".
Demmer bölgədəki dəniz təhlükəsizliyi mövzusunda Fransa və İngiltərə ilə təmasda olduqlarını bildirib: "Bizim üçün diplomatik yol tutmaq, İranla danışıqlar aparmaq, gərginliyi azaltmaq və nüvə sazişinin davam etdirilməsi istiqamətində işləmək vacibdir. ABŞ-ın rəhbərlik etdiyi bir missiyaya qoşulmaq bu işi çətinləşdirir".
Qeyd edək ki, ABŞ rəsmi olaraq Almaniyadan Hörmüz boğazında ticarət fəaliyyətinin təhlükəsizliyini təmin edən missiyada iştirak etməsini istəyib. Berlindəki ABŞ səfirliyinin mətbuat katibi Tamara Sternberg-Greller deyib ki, “Biz Almaniyadan Hörmüz boğazının təhlükəsizliyini təmin etmək və İran təcavüzünə qarşı mübarizə aparmaq üçün Fransa və Böyük Britaniyaya qoşulmağı xahiş etdik”.