Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Baş naziri və Dubay əmiri Şeyx Məhəmməd ibn Rəşid əl-Maktumun həyat yoldaşı Haya bint əl-Hüseyn sığındığı Böyük Britaniyada ərindən qorunmaq üçün mühafizə tələbilə məhkəməyə müraciət edib.
Baki-xeber.com xəbər verir ki, BBC əl-Maktumun (69) altı arvadından biri olan şahzadə Hayanın (45) Londonda ərinə qarşı iddia qaldırdığını yazır.
Şahzadə Hayanın İngiltərə Ali Məhkəməsində qaldırdığı iddia ilə bağlı ilk məhkəmə iclası keçirilib. Hayanın məhkəmədən "məcburi evlilikdən qorunması"nı tələb etdiyi iddia edilir. Haya ölkəni birlikdə tərk etdiyi övladlarının qəyyumluğunun da ona verilməsini istəyib. Hayanın məhkəmədən başqa tələbləri də olub, ancaq bu tələblərin nədən ibarət olduğu hələlik məlum deyil.
Əl-Maktum isə məhkəmənin qapalı keçirilməsini istəyib, ancaq hakim onun iddiasını rədd edib.
İngiltərədə məcburi nikaha qarşı və ya məcburi ailə qurmağa görə qaldırılan iddialarda məhkəmə "məcburi nikahdan qorunma" qərarı verə bilər. Bu qərarı pozan istənilən şəxsə 5 ilə qədər həbs cəzası verilə bilər.
BƏƏ-nin Londondakı səfirliyinin əməkdaşı iddialarla bağlı deyib: “BƏƏ hökuməti başqalarının özəl həyatı haqqında iddialara cavab vermək niyyətində deyil”.
Haya bir neçə ay əvvəl sığınacaq almaq üçün qaçdığı Almaniyadan Londona gedib və orada gizlənirdi. Onun şəhərin mərkəzindəki Kensington Sarayı bölgəsində 100 milyon dollardan çox dəyəri olan bir evdə yaşadığı bildirilir.
Hayanın qaldırdığı iddianın Britaniya ilə BƏƏ arasında diplomatik böhrana səbəb ola biləcəyi deyilir. İordaniya kralı Abdullahın ögey bacısı olan Hayanın bu ölkə ilə BƏƏ arasında da problem yaratması ehtimalı var.
Əl-Maktum altıncı arvadı şahzadə Hayanın qaçmasından sonra qələmə aldığı qəzəbli bir şeirdə adını açıqlamadığı bir qadını “ona və vətəninə xəyanətdə” ittiham etmişdi. Əl-Maktumun “İnstagram” səhifəsində paylaşdığı “Sevdin və öldün” adlı şeirdə deyilir:
"Xain, sən ən dəyərli etimada xəyanət etdin və oynadığın oyun üzə çıxdı, Yalan danışdığın günlər bitdi. Artıq mənim yanımda yerin yoxdu, Kiminlə məşğulsan onun yanına get, Yaşamağın və ya ölməyin vecimə deyil".
Amerikanın “ABC News” televiziyasının məlumatına görə, 4 milyard dollardan çox şəxsi sərvətə sahib əl-Maktum dünyanın ən varlı insanlarından biridir.