Gürcüstan səfiri deyir ki, Rusiya ilə ikitərəfli münasibətlərin normallaşdırılması barədə danışıqların növbəti raundu martın ortasına qalıb. Praqa görüşü bu aya planlaşdırılmışdı.
Gürcüstan baş nazirinin Rusiya ilə münasibətlər üzrə xüsusi təmsilçisi Zurab Abaşidze ilə Rusiya baş nazirinin müavini Qriqori Karasin görüşəcəkdi.
Abaşidze fevralın 8-də deyib ki, danışıqlar "texniki məsələlərə” görə ertələnib.
"Gürcüstanda "Qazprom" şirkəti ilə danışıqlar ətrafındakı siyasi spekulyasiyalara son qoymaq lazımdır". Bunu isə Gürcüstanın baş naziri Georgi Kvirikaşvili deyib.
"Bu məsələ bitib. Çünki heç bir strateji danışıqlardan söhbət getmir. Danışıqlar yalnız sırf texniki xarakterli problemlərin həlli üzrə olub. Məncə, bu barədə siyasi spekulyasiyaları davam etdirməyin heç bir mənası yoxdur", - deyə G.Kvirikaşvili "Rustavi 2" telekanalının efirində bildirib.
Qeyd edək ki, hazırda Gürcüstan təbii qazı əsasən Azərbaycandan idxal edir. Rusiya qazı isə yalnız Ermənistana ixracda tranzit payı olaraq, ümumi ixracın 10%-i həcmindədir.
Abaşidze–Karasin danışıqları 2012-ci ilin dekabrında Cenevrədə başlanıb. İki siyasətçi bir neçə dəfə Praqada görüşüblər.