İstanbulun mərkəzi meydanında partlayış baş verib. Məlumata görə, partlayış turistlərin keçidi zamanı mərkəzi məscidin yaxınlığında baş verib, terrorçu-intiharçı xarici turistlərin yanında özünü partladıb.
Partlayış nəticəsində 10 nəfər ölüb, 15 nəfər yaralanıb. Xəsarət alanlar arasında polislərin də olduğu bildirilir.
Türkiyə baş nazirinin müavini, hökumət sözçüsü Numan Kurtulmuş bildirib ki, partlayışda ölənlərin əksəriyyəti əcnəbi turistdir. Onun sözlərinə görə, xəsarət alanların 9-u Almaniya, 1-i Norveç, 1-i isə Peru vətəndaşıdır. Xəsarət alanların 2 nəfərinin vəziyyəti ağırdır: "Partlayışın hədəfində əcnəbilərdən ibarət turist qrupu olub”.
Hökumət sözçüsü hadisəni törədən şəxsin Suriya əsilli və 1988-ci il təvəllüdlü olduğunu vurğulayıb. O, partlayışı törədən terrorçunun cəsədinin qalıqlarının hadisə yerindən tapıldığını deyib.
"Habertürk" qəzeti yazır ki, Türkiyə hakimiyyəti KİV-ə İstanbulda baş vermiş partlayış barədə hər hansı məlumat verməyi qadağan edib.
İlkin məlumata görə, İstanbuldakı terror aktı nəticəsində xəsarət alanlar arasında Azərbaycan vətəndaşı yoxdur. Bunu Trend-ə Azərbaycanın İstanbuldakı Baş Konsulluğundan deyiblər.
Azərbaycanın Türkiyədəki səfirliyi və İstanbuldakı Baş Konsulluq Türkiyənin hüquq-mühafizə orqanları ilə təmasdadır və patlayış nəticəsində xəsarət alanlar arasında həmvətəndaşların olmasını araşdırmağa davam edir.
"Reuters” agentliyi Türkiyə təhlükəsizlik orqanlarındakı mənbəyə istinadən xəbər verir ki, Sultanəhməd Meydanında partlayışın arxasında İŞİD terror qruplaşması dura bilər.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da deyib ki, İstanbuldakı terror aktını Suriya vətəndaşı törədib. Onun sözlərinə görə, bütün ölkələr terrorçuluqla mübarizədə birləşməlidir və İstanbuldakı terror aktı bunun vacibliyini göstərir.