Türkiyənin baş naziri Əhməd Davutoğlu son zamanlar "səslənən bəyanatlara görə" kürdyönlü partiya nümayəndələrilə "görüşün mənasız” olduğunu deyib.
Hökumət tərəfindən yayılan açıqlamada HDP ilə dekabrın 30-a təyin edilən görüşün keçirilməyəcəyi deyilir.
Baş nazirin mətbuat xidmətinin yaydığı bəyanatda deyilir ki, son həftə ərzində HDP-nin verdiyi bəyanatlar hökumətin həyata keçirdiyi siyasətə ziddir və siyasi davranış normalarına sığmır.
"Belə yanaşmaya görə görüşün, eyni masa arxasında oturmağın mənası qalmır”.
Çərşənbə günü Moskvaya səfər edən HDP-nin həmsədri Rusiya təyyarəsinin vurulması ilə bağlı Türkiyə hökumətinin mövqeyini tənqid edib. Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşən Səlahattin Dəmirtaş deyib ki, Rusiya ilə əlaqələrin korlanması əleyhinədir.
Türkiyənin baş naziri növbəti iki həftə ərzində CHP və MHP nümayəndələrilə də görüşməlidir.
HDP-nin tənqidi çıxışları Türkiyədə əsasən kürdlərin yaşadığı cənub-şərq bölgəsində vəziyyətin gərginləşməsinə təsadüf edir. Ötən həftə Diyarbəkirdə HDP-nin çağırışı ilə keçirilən nümayiş vaxtı polislə toqquşmalar nəticəsində 7 nəfər həyatını itirib.