Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu dekabrın 20-də Rusiya aviasiyasının Suriyanın İdlib şəhərini bombalaması nəticəsində dinc sakinlərin ölümü ilə əlaqədar açıqlama yayıb. APA-nın "Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, M. Çavuşoğlu bombardman nəticəsində 200-ə yaxın dinc suriyalının öldüyünü bildirərək bunu qətiyyətlə pislədiklərini bəyan edib:
"Bu, insanlıq adına utandırıcı bir durumdur. Rusiya 30 sentyabrda Suriyaya müdaxilə etdikdən sonra əsasən mötədil müxalifləri hədəfə götürüb. Dinc yaşayış məntəqələri də bu hücumlardan payını alır. Rusiya Suriyaya İŞİD-lə mübarizə bəhanəsi ilə girib. İndiyədək həyata keçirdikləri 4 minə yaxın hava hücumunun 91 faizi müxaliflərə qarşı yönəlib. Bu hücumlar nəticəsində İŞİD daha da güclənib. Rusiyanın problemi İŞİD deyil. Rusiya Suriyanı yenidən Əsədə təhvil vermək xəyalpərəstliyi içərisindədir və bu məqsədinə çatmaq üçün müxaliflər və dinc sakinləri öldürür. Rusiyanın əməliyyatları nəticəsində 600-dən çox dinc suriyalı ölüb. Bəzi qurumlar bu rəqəmin 800 ətrafında olduğunu bildirir. Bunların 150-dən çoxunun uşaq olduğunu dünya bilməlidir”.